20 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1-ci İllik Beynəlxalq Konfransı keçirilib. “Baş Ağrısı Təbabətində Qlobal Perspektivlər” mövzusuna həsr olunan tədbir SEM Academy – Society of Elite Medicine-in təşkilati dəstəyi ilə uğurla keçirilmişdir.
Konfransın açılışında AMMİB-in həmtəsisçisi və təşkilat komitəsinin sədri Dr. Sərxan Əmirquliyev iştirakçıları və qonaqları salamlayıb, cəmiyyətin və tədbirin məqsədinin baş ağrısı və miqrenin diaqnostika-müalicə imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması və regional əməkdaşlığın gücləndirilməsi olduğu bildirilib. Həmçinin bu konfransın dəyərli alim, Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü professor Məsud Aşinanın 60 illik yubileyi ərəfəsində keçirilməsinin də xüsusiliyini vurğulayıb.
Proqramın rəsmi hissəsində çıxış edənlər arasında Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov yer alıb.
Tədbir Azərbaycanda miqren və baş ağrılarının diaqnostika və müalicəsi sahəsində elmi yanaşmaların inkişafı baxımından mühüm platforma kimi dəyərləndirilmişdir. Konfrans çərçivəsində Danimarka,Almaniya,
Belçika,İtaliya,Portuqaliya,ABŞ və Türkiyədən dəvət olunmuş, həmçinin yerli aparıcı mütəxəssislər tərəfindən miqren üzrə ən son elmi tədqiqatlar, aktual klinik müzakirələr və müasir müalicə strategiyaları təqdim edilmişdir.
Konfrans zamanı AMMİB-in sədri Prof. Sədaqət Huseynovanın,konfrans sədri Prof.Məsud Aşinananın, idarə heyyətin üzvü Prof. Aytən Məmmədbəylinin, Prof. Rövşən Həsənovun, dos. Rahim Əliyevin keçirilən masterklass və sessiyalarda
sədr və məruzəçi qismində iştirakları tədbirə xüsusi tövhə vermişdir.
Günün sonunda beynəlxalq ekspertlərin və yerli nevroloqların iştirakı ilə interaktiv panel keçirilib, klinik praktikada miqren və baş ağrısının idarə olunmasında əsas problemlər və həll yolları ətrafında fikir mübadiləsi aparılıb. Konfrans yekun nitqlə bağlanıb.
Təşkilat Komitəsi adından tədbirdə iştirak edən bütün mütəxəssislərə və tibb işçilərinə dəyərli elmi töhfələrinə görə təşəkkürümüzü bildiririk.